Misirdə keçirilən Qəzza Sammiti beynəlxalq mətbuatda geniş işıqlandırılıb. İmzalanan təkcə niyyət bəyannaməsi deyil, həm də liderlər arasında pərdəarxası məqamlar idi. Türkiyə Prezidenti Ərdoğanın İsrailin baş naziri Binyamin Netanyahunun təyyarəsinin enişini əngəlləməsi də manşetlərə düşüb.
Bəyannamədən sonra başlıqlar ümumi bir sual paylaşdı: Növbəti addım nədir?
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Vaşinqton Post" qəzeti “Tramp Yaxın Şərqdə transformativ sülh əldə etməyi hədəflədikcə, İsrail və ərəb liderləri bir-birindən millərlə uzaqdadır” başlığını dərc edib.
Qəzet ABŞ prezidenti Donald Trampın sülh sazişinin şərtlərini qəbul etməsi üçün İsrailə təzyiq etdiyini, lakin İsrailin buna əməl etməyəcəyindən narahat olduğunu bildirib.
ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “Nyu York Tayms” da öz internet səhifəsində “Tramp Yaxın Şərqdə yeni şəfəqi təriflədi, lakin təfərrüatlar qaranlıqda qaldı” başlığı ilə oxşar narahatlığa yer verib.
İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya etdiyi hücumlar səbəbindən ABŞ ictimaiyyətində getdikcə daha çox ləkələnən reputasiyasını düzəltmək üçün atəşkəsdən sonra səy göstərməli olacağı yazıb.