Türkiyəli məşhur müğənni Mustafa Sandal İngiltərədən ömürlük viza alıb.
Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Mədəniyyət Departamentinə bağlı bir qurum olan “Arts Council” Sandala ömürlük “Qlobal sənətçi vizası” verib.
Bu da ilk dəfə bir türk sənətçinin “beynəlxalq sənətçi” statusu alması olub. Şura sənədi Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə göndərib, o da məşhur pop müğənnisi üçün yaşayış icazəsi verib.
Böyük Britaniya Mədəniyyət Departamentinin rəsmi məktubunda həmçinin müğənninin dünya üzrə mükafatları, konsertləri və səkkiz dilə tərcümə edilmiş bəstələrinin 24 ölkədə hit-paradlarda birinci yeri tutması faktı da qeyd olunub.