Şimali Koreya ordunun döyüş hazırlığı səviyyəsini və hücum imkanlarını yoxlamaq məqsədilə yeni raket sınağı həyata keçirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan məlumata görə, 6–8 aprel tarixlərində aparılan silah sınaqları çərçivəsində kaset tipli döyüş başlığı ilə təchiz edilmiş yerüstü “Hwasongpho-11 Ka” taktiki ballistik raketi sınaqdan keçirilib.
Açıqlamada bildirilir ki, sınağın məqsədi kaset sursatının təsiri ilə ordunun döyüş hazırlığı səviyyəsini və hücum qabiliyyətlərini qiymətləndirmək olub. İddia olunur ki, raket yüksək dağıdıcı gücə malik olmaqla 6,5–7 hektar ərazini hədəfə alaraq məhv etmək imkanına sahibdir.
Bununla yanaşı, sınaqlar çərçivəsində qısa mənzilli mobil hava hücumundan müdafiə raket sisteminin döyüş şəraitində etibarlılığı da yoxlanılıb.
Cənubi Koreya və Yaponiya isə ötən gün Şimali Koreyanın Şərq dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxdığını açıqlamışdı.