Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyası daha 1 milyona yaxın insanı yoxsulluq həddindən aşağı vəziyyətə sala bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) Konqo Demokratik Respublikası üzrə daimi nümayəndəsi Demien Mama BMT-nin Cenevrə Ofisində keçirilən həftəlik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, cari həftəyədək Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası ilə bağlı 1400-dən çox yoluxma halı və 350 ölüm faktı təsdiqlənib. Demien Mama qeyd edib ki, yoluxma və ölüm göstəriciləri artmaqda davam edir.
O vurğulayıb ki, Konqo Demokratik Respublikasındakı Ebola epidemiyası yalnız yerli səhiyyə böhranı ilə məhdudlaşmır. Belə ki, təsdiqlənmiş yoluxma hallarının 90 faizindən çoxu ölkənin mühüm ticarət mərkəzlərindən biri olan İturi vilayətində qeydə alınıb.
Demien Mama bildirib ki, əhalisinin hər 10 nəfərindən 6-nın yoxsulluq həddindən aşağı şəraitdə yaşadığı Konqo Demokratik Respublikasında Ebola epidemiyası təxminən daha 1 milyon nəfəri yoxsulluğa sürükləyə bilər.