ABŞ-də təxminən bir həftədir davam edən anomal istilər nəticəsində 25 nəfərin həyatını itirdiyi bildirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkə üzrə təxminən 40 milyon insan üçün “isti hava xəbərdarlığı” elan edilib. Xüsusilə şərq və cənub bölgələrində temperatur 40,5 dərəcəyə qədər yüksəlib.
Nyu-York şəhərində istilərlə bağlı sağlamlıq problemləri səbəbilə 378-dən çox insan təcili yardım şöbələrinə müraciət edib. Nyu-Cersi ştatında 22, Missisipi ştatında 2, İllinoys ştatında isə 1 nəfərin həddindən artıq istilər səbəbindən öldüyü açıqlanıb.
ABŞ Milli Meteorologiya Xidməti (NWS) ölkənin şərq hissəsində isti hava xəbərdarlıqlarının davam edəcəyini bildirib. Qurumun proqnozuna görə, rütubətlə birlikdə hiss olunan temperatur Vaşinqton, Filadelfiya, Baltimor, Reyli, Çarlston və Ceksonvill kimi şəhərlərdə 37,7–40,5 dərəcə selsi arasında dəyişəcək.