FİFA Atlanta şəhərində keçirilən dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan qələbədən sonra açılan Folklend adaları ilə bağlı pankarta görə Argentina Futbol Assosiasiyası barəsində intizam araşdırmasına başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Argentina yığmasının 2:1 hesablı qələbə ilə finala yüksəldiyi oyundan sonra bəzi futbolçular qələbəni qeyd edərkən Cənubi Atlantik okeanında yerləşən və Böyük Britaniyanın nəzarətində olan əraziyə istinad edən "Las Malvinas son Argentinas" ("Malvin adaları Argentinanındır") yazılmış pankart nümayiş etdiriblər.
1833-cü ildən Böyük Britaniyanın idarə etdiyi adalar üzərində suverenlik mübahisəsi 1982-ci ildə 74 gün davam edən müharibəyə səbəb olmuşdu. Həmin müharibədə 649 argentinalı və 255 britaniyalı olmaqla 900-dən çox insan həlak olmuşdu.
FİFA-nın İntizam Məcəlləsinə əsasən, idman yarışlarından idmandankənar nümayişlər üçün istifadə olunması qadağandır. Sözgedən pankart Atlantik okeanının hər iki sahilində siyasi müzakirələrə səbəb olub.
Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmerin sözçüsü məsələyə münasibət bildirərək, "Dünya çempionatı bizim olmaya bilər, amma Folklend adaları qəti şəkildə bizimdir", – deyə bəyan edib.
Ağ Evin FİFA üzrə İşçi Qrupunun rəhbəri Endryu Culiani isə ABŞ-nin ifadə azadlığını dəstəklədiyini bildirərək argentinalı futbolçuların mövqeyini müdafiə edib.
Qeyd edək ki, Argentina milli komandası daha əvvəl də oxşar addım atmışdı. FİFA 2014-cü ildə La-Plata şəhərində Sloveniya ilə keçirilən yoldaşlıq oyunu ərəfəsində futbolçuların daha böyük pankart nümayiş etdirməsinə görə Argentina Futbol Assosiasiyasını 20 min funt sterlinq məbləğində cərimələmişdi.
FİFA-nın Argentina Futbol Assosiasiyasına qarşı irəli sürdüyü ittihamlar arasında ayrı-seçkilik xarakterli şüarlar və davranışlar, oyunun gec başlaması, matç və təhlükəsizlik protokollarına əməl olunmaması, komanda və azarkeşlər tərəfindən yolverilməz məzmunlu mesajların nümayiş etdirilməsi, həmçinin azarkeşlərin meydana kənar əşyalar atması da yer alır.