İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Misirə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumla bağlı ölkəsinin hər hansı əlaqəsinin olmadığını bəyan edib.
Manset.az-ın İran mətbuatına istinadən məlumatına görə, Bəqayi bildirib ki, İran Misirin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və bu siyasət hər kəsə məlumdur.
"Dimyat şəhərinə edilən hücumlarla hər hansı əlaqəmizin olması barədə iddiaları qətiyyətlə rədd edirik. İranın Misirə qarşı PUA hücumu ilə heç bir əlaqəsi yoxdur", – deyə o vurğulayıb.
Bəqayi Misirdə baş vermiş hadisəyə şübhə ilə yanaşdıqlarını bildirərək, region ölkələri arasında qarşıdurma yaratmaq məqsədi daşıyan mümkün "saxta bayraq" əməliyyatlarının ehtimalını da diqqətə çatdırıb.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Misirin təhlükəsizliyinin Tehran üçün ən yüksək prioritetlərdən biri olduğunu bildirərək, İsrailin bölgədə həyata keçirdiyi təxribat xarakterli addımlarla bağlı xəbərdarlıq etmişdi.