Almaniya hökuməti sığınacaq, viza və yaşayış icazəsi üçün müraciətlərin artması fonunda yaranan sıxlığı azaltmaq və prosedurları sürətləndirmək məqsədilə miqrasiya idarəçiliyində süni intellektdən istifadəni nəzərdə tutan yeni qanun layihəsini qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, yeni qaydalara əsasən, süni intellekt müraciət sənədlərinin yoxlanılması, məlumatların təhlili və ziddiyyətli məlumatların aşkarlanması kimi proseslərdə əməkdaşlara dəstək verəcək. Bununla yanaşı, viza və sığınacaq müraciətləri ilə bağlı yekun qərarlar yenə də səlahiyyətli əməkdaşlar tərəfindən qəbul olunacaq.
Lakin insan hüquqları müdafiəçiləri, qeyri-hökumət təşkilatları və yardım qurumları yeni tənzimləməyə etiraz edirlər. Onların fikrincə, süni intellekt sistemləri qərəzli və ya yanlış nəticələr verə bilər, ağır iş yükü altında çalışan əməkdaşlar isə sistemin hazırladığı hesabatları kifayət qədər yoxlamadan təsdiqləyə bilərlər. Tənqidçilər həmçinin miqrantların bu texnologiyanın sınaq subyektinə çevrilməsi riskinin olduğunu bildirirlər.