ABŞ Prezidenti Donald Tramp Qəzzada fəaliyyət göstərən Sülh Şurasının HƏMAS və bölgədəki digər silahlı qrupların tamamilə silahsızlaşdırılması ilə bağlı tarixi razılaşma əldə etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumata görə, Tramp sosial media hesabında paylaşım edərək bildirib ki, Sülh Şurası bu gün mühüm razılığa gəlib.
"Qəzza Sülh Şurası HƏMAS və Qəzzadakı bütün digər silahlı qrupların silahlarını tamamilə təhvil verməsi ilə bağlı bu gün tarixi razılaşmaya nail olub", – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti İsrail qüvvələrinin bölgədən çıxarılması məsələsinə də toxunub. O bildirib ki, tərksilah prosesi başa çatdıqca İsrail qüvvələri geri çəkiləcək.
Trampın sözlərinə görə, Beynəlxalq Sabitlik Qüvvələri yeni yaradılacaq Fələstin polis qüvvələri ilə birlikdə Qəzza sakinləri və bölgə ölkələri üçün təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.