ABŞ-nin İndiana ştatında 2025-ci ildə bir qadının ölümü ilə nəticələnən silahlı hücumda təqsirli bilinən 15 yaşlı Jo'Majze Larri 100 il müddətinə azadlıqdan məhrum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Madison Dairə Məhkəməsinin hakimi Devid Happenin qərarına əsasən, "Mickey Cobra Nation" (MCN) dəstəsinin üzvü olan Larri 26 yaşlı Deyla Sueynin qətlinə görə 50 il, cinayətkar dəstənin üzvü olmasına görə isə əlavə 50 il olmaqla ümumilikdə 100 il həbs cəzası alıb.
Eyni cinayət işi üzrə mühakimə olunan 19 yaşlı Raşaun Semyuels qətl və cinayətkar dəstəyə üzvlük ittihamları üzrə ümumilikdə 125 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxs, 19 yaşlı Kayri Kreyver isə bu ilin iyul ayının əvvəlində 90 il həbs cəzasına məhkum olunub.
İş üzrə dördüncü təqsirləndirilən şəxsin məhkəmə prosesinin isə ilin sonunadək başlanacağı bildirilib.