Almaniyada davam edən güclü isti hava dalğası nəticəsində ölkə üzrə 9 800 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Robert Kox İnstitutunun (RKI) hesabatına əsasən, iyunun rekord isti keçdiyi və havanın temperaturunun 41 dərəcəni ötüb keçdiyi dövr də daxil olmaqla, iyulun 19-dək qeydə alınan ölüm hallarının sayı 9 800-ə çatıb.
Məlumata görə, isti hava dalğasından ən çox 85 yaş və ondan yuxarı şəxslər zərər görüb. Bu yaş qrupunda 5 420 nəfər həyatını itirib. Ölənlər arasında 75-84 yaş aralığında 2 460, 65-74 yaş arasında 1 260, 65 yaşdan aşağı olanlar arasında isə 630 nəfər var.
85 yaşdan yuxarı isti hava səbəbindən vəfat edənlərin 3 230-u qadın, 2 190-ı isə kişi olub.
Robert Kox İnstitutu bildirib ki, ölüm hallarının əsas səbəbi yüksək temperaturun ürək-damar, ağciyər və böyrək xəstəlikləri kimi mövcud sağlamlıq problemlərini ağırlaşdırması olub.