İsrail Yaxın Şərqdə gərginliyi artırmaqda davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, İsrail və İran arasında gərginlik yenidən artıb. Bir müddət səngimiş hücumlar yenidən başlayıb. ABŞ-ın İranın strateji obyektlərinə zərbələr endirməsi ilə paralel olaraq, İran da Yaxın Şərqdəki ABŞ bazalarını yenidən hədəf almağa başlayıb.
Regional gərginliyin misli görünməmiş səviyyəyə çatdığı bir vaxtda, İsraildən gələn yeni bəyanat vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradıb. İsrail naziri Kats açıq şəkildə İranı hücumla hədələyib.
ABŞ-ın iqtisadi təzyiqləri səbəbindən Tehranın ölkəsinə hücum ehtimalının artdığını bildirən Kats, İsrailin əks-hücuma keçməyə hazır olduğunu vurğulayıb.
İsrailin "Yedioth Ahronoth" qəzeti tərəfindən təşkil edilən konfransda çıxış edən Kats, İranın sentyabr ayındakı yəhudi bayramları zamanı İsrailə hücum edə biləcəyini iddia edib.
ABŞ-ın İrana qarşı artan iqtisadi təzyiqlərinin İsrailə potensial hücum riskini yüksəltdiyini qeyd edən Kats, "Biz ABŞ ilə koordinasiyalı şəkildə həm müdafiəyə, həm də hücuma hazırlaşırıq", - deyə bildirib.
İranın Livan, işğal altındakı İordan çayının qərb sahili və ya Qəzza vasitəsilə hücum edə biləcəyini irəli sürən Kats, "Təyyarələrimiz havaya qalxmağa hazırdır" bəyanatı ilə Tehranı hədələyib.
ABŞ Prezidenti Donald Tramp da daha əvvəl İran xalqını rejimə qarşı ayağa qalxmağa çağırmış və ABŞ-ın Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirdiyini iddia etmişdi.