ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdən ibarət olacaq, bəzi peyvəndlər isə hazırda qəbul olunandan daha gec vurulacaq.
"Lakin peyvəndlərin həcmi nəzərəçarpacaq dərəcədə kiçik olacaq və düşünürəm ki, autizm hallarının əhəmiyyətli dərəcədə azaldığını görəcəksiniz. Bu, çox vacibdir. Biz belə tövsiyə edirik və bunda israr edəcəyik. Bir, iki, üç, dörd və ya beş peyvənd etmək olar, ancaq altı ay fasilə ilə. Hər altı aydan bir onlar daha az doza qəbul edəcək və nəticə etibarilə tam peyvənd olunacaqlar ", - deyə D.Tramp vurğulayıb.
Qeyd edək ki, avqustda Ağ Ev rəhbəri ABŞ ərazisində peyvəndləmənin "qızıl standartı"nın tətbiqi haqqında fərman imzalayıb. Bu sənədə əsasən, uşaqlar üçün tövsiyə edilən profilaktik peyvəndlərin sayı 18-dən 11-ə endirilir. ABŞ prezidenti vaksinasiya prosesini autizmin inkişafı riski ilə əlaqələndirib. Trampın vurğuladığı kimi, Ağ Ev uşaqlarda autizm hallarının artmasına məhz nəyin səbəb olduğuna əmin deyil, o, tövsiyə olunan vaksinlərin sayının onların orqanizmə təsirinin daha dərindən öyrənilməsi ehtiyacı ilə əlaqədar azaldıldığını bildirib.
2025-ci ildə Vaksinlərin Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsinin müstəqil ekspertlər qrupu 19 ölkədə aparılmış 31 tədqiqatın təhlilinə əsaslanaraq, vaksinlərin istifadəsinin autizmin inkişafına səbəb olmadığı qənaətinə gəlib.