"Google", "OpenAI", "Anthropic" və "SpaceXAI" şirkətləri süni intellekt texnologiyalarındakı inkişafı qəsdən ləngitmək məqsədilə qanunsuz razılaşma əldə etməkdə ittiham olunaraq federal məhkəməyə veriliblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya Şimal Dairə Məhkəməsində qaldırılan iddiasında sahənin bu aparıcı nəhənglərin antiinhisar qanunvericiliyini pozduğu vurğulanır.
İddia ərizəsində qeyd olunur ki, sözügedən gizli razılaşma süni intellekt xidmətləri üçün abunə haqqı ödəyən istehlakçılara təqdim olunan imkanları və məhsul dəyərini məqsədli şəkildə azaldır.
Məhkəmə işinin mərkəzində "Anthropic" şirkətinin icraçı direktoru (CEO) Dario Amodeinin süni intellekt sahəsindəki sürətli irəliləyişin məhdudlaşdırılması və təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı dərc etdirdiyi məqalə dayanır.
Xatırladaq ki, sözügedən təklif daha əvvəl "Google DeepMind" rəhbəri Demis Hassabis, "OpenAI" rəhbəri Sam Altman və "SpaceXAI" təsisçisi İlon Mask tərəfindən ictimaiyyətə açıq şəkildə dəstəklənmişdi.
Amodei inkişafın ləngidilməsi təklifi zamanı mümkün antiinhisar maneələrinə diqqət çəkərək ABŞ hökumətinin vasitəçilik etməsinin və ya ən azı laboratoriyalararası danışıqlara şərait yaratmasının prosesi asanlaşdıracağını bildirmişdi.
Hələlik ittihamlarla bağlı adıçəkilən şirkət nümayəndələri tərəfindən rəsmi açıqlama verilməyib.