İspaniyanın şərqindəki Kataloniya bölgəsində yerləşən Lleida şəhərində ictimai yerlərdə qadınların üzlərini örtən niqab və burka geyinməsinə qadağa qoyulub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lleida Bələdiyyə Şurası burka və niqab kimi üzü tamamilə örtən geyimlərin istifadəsini qadağan edən “Vətəndaş davranışı və birgəyaşayış” haqqında qaydanı qəbul edib.
Kataloniya Sosialist Partiyası (PSC) və Kataloniya naminə Birlik (Junts) partiyalarının yerli hakimiyyətdə olduğu Lleida şəhərində qəbul edilən qaydaya əsasən, burka və niqab qadağasına əməl etməyən şəxslərin 400-750 avro məbləğində cərimələnməsi nəzərdə tutulur.
İbadət yerlərində və bu cür geyimlərə icazə verilən digər məkanlarda burka və niqabdan istifadəyə istisna tətbiq edilərək həmin yerlər qadağanın əhatə dairəsindən kənarda saxlanılıb.
Lleida şəhərinin meri Feliks Larrosa qərarın əhalisinin 9 faizini müsəlmanların təşkil etdiyi şəhərdə yaşayan müsəlman icmasının rəhbərləri ilə məsləhətləşmələr aparıldıqdan sonra qəbul edildiyini bildirib.
Burka və niqabdan istifadəyə qadağa İtaliyanın Baş naziri Ciorcia Meloninin açıqlamalarından sonra Avropada yenidən gündəmə gəlib.
İtaliya hökuməti də bu gün məktəblərdə burka və niqab kimi üzü örtən geyimlərdən istifadəni qadağan edən qaydanı təsdiqləyib.