Qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişiklikləri ilə bağlı həddindən artıq istilər və hava çirklənməsi səbəbindən bu il dünya əhalisinin təxminən 40 faizi təhlükəli ozon çirklənməsinə məruz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ozon çirklənməsindən ən çox Asiya təsirlənib. Avropa və Şimali Amerika isə sonrakı yerləri tutub.
Avropa İttifaqının Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəzdində fəaliyyət göstərən Kopernik Atmosfer Monitorinq Xidmətinin (CAMS) apardığı təhlilə əsasən, geniş müzakirə olunmayan, lakin zərərli ikinci dərəcəli çirkləndirici olan yerüstü ozon müəyyən çirkləndiricilərin günəş şüaları və yüksək temperaturun təsiri altında kimyəvi reaksiyaya girməsi nəticəsində yaranır.
CAMS-ın təhlili 2026-cı ilin ilk səkkiz ayı ərzində ozon, meşə və digər bitki örtüyü yanğınlarından yaranan tüstü, eləcə də səhralardan qalxan toz daxil olmaqla, qitələrarası hava çirklənməsinin qlobal mənzərəsini ortaya qoyub. Təhlildə, həmçinin hər bir qitədə havanın keyfiyyətinə təsir göstərən hadisələr və onların insanlar, yaşayış vasitələri və ətraf mühitə təsirləri əks olunub.
Təhlilə görə, yerüstü ozon insan sağlamlığına, ekosistemlərə və kənd təsərrüfatı məhsullarının məhsuldarlığına zərər vurur. Bu il müxtəlif amillərin üst-üstə düşməsi bir çox bölgədə yerüstü ozonun qatılığının yüksək səviyyəyə çatmasına səbəb olub. Nəticədə dünya üzrə milyardlarla insan bu vəziyyətdən təsirlənib.
Dünya əhalisinin 40 faizi təhlükəli ozon çirklənməsinə məruz qalarkən, əhalinin yalnız 5 faizinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarında müəyyən edilən «yaxşı» ozon səviyyələrinin mövcud olduğu hava şəraitində yaşadığı müəyyənləşdirilib.