İstanbulun Böyükçəkməcə rayonunda yaşayış kompleksində qalan 26 yaşlı Yasin Binarcı və Mehmet İşıq silahlı hücuma məruz qalıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində Binarcı həyatını itirib, İşıq isə yaralanıb. Şübhəlilərin tutulması üçün əməliyyata başlanılıb.
Hadisə saat 13:30 radələrində Böyükçəkməcə rayonunun Cümhuriyyət məhəlləsində yerləşən yaşayış kompleksində baş verib. Kompleksdə silah səslərinin eşidilməsi barədə məlumat alan polis əməkdaşları hadisə yerinə gəliblər.
Əraziyə baxış keçirən polis 17-ci mərtəbədəki mənzillərdən birində Yasin Binarcı və Mehmet İşığa qarşı silahlı hücum törədildiyini müəyyən edib. Hər iki şəxsin qan içində olduğunu görən əməkdaşlar təcili tibbi yardım xidmətinə məlumat veriblər.
Hadisə yerinə gələn tibb işçiləri Yasin Binarcının öldüyünü müəyyənləşdiriblər. Yaralanan Mehmet İşıq isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Mənzildə aparılan axtarış zamanı üç tapança və müəyyən miqdarda narkotik maddə aşkarlanıb. Hücumu törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.