Meksikanın İdalqo ştatında kiçik təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 2 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksika Federal Mülki Aviasiya Agentliyindən (AFAC) verilən açıqlamaya görə, "Cessna 210" tipli təyyarə ştata bağlı Paçuka şəhərindəki aeroportdan Morelos ştatındakı Kuernavaka Beynəlxalq Aeroportuna uçmaq üçün havaya qalxıb.
Paçukanın Venta Prieta məhəlləsində yerləşən yaşayış massivinə düşən təyyarədəki 2 nəfər ölüb.
Qəzadan sonra Mülki Müdafiə, yanğınsöndürmə və təhlükəsizlik qrupları hadisə yerinə cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
AFAC Paçuka Hava Limanı Komandanlığının əməkdaşlarının araşdırma aparmaq üçün hadisə yerinə göndərildiyini və qəzanın səbəblərini müəyyənləşdirmək məqsədilə inzibati təhqiqat başlandığını bəyan edib.