Şimal qütbü üzərindəki çox soyuq hava kütlələrini ətrafında saxlayan qütb burulğanı (vorteksi) bu il mövsümi normadan bir neçə həftə əvvəl zəifləməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şimal qütbü üzərində formalaşan və qütb bölgəsindəki soyuq havanın cənuba yayılmasını məhdudlaşdıran qütb burulğanında diqqətçəkən dəyişiklik qeydə alınır.
Adətən qış aylarında güclənən bu atmosfer sistemi noyabr ayında gözləniləndən daha tez zəifləməyə başlayıb. Bu isə Şimal yarımkürəsində qış mövsümünün necə keçəcəyi ilə bağlı proqnozları gündəmə gətirib.
“Telegraph India” nəşrinin yaydığı qiymətləndirmələrə görə, qütb burulğanının zəifləməsi soyuq hava kütlələrinin qütb bölgəsindən daha cənub enliklərinə doğru hərəkətini asanlaşdıra bilər. Bu proses, xüsusilə Avropa və Şimali Amerikanın bəzi bölgələrində temperaturun aşağı düşməsinə, şaxta və qar yağışı ehtimalının artmasına səbəb ola bilər.
Qütb burulğanı Şimal qütbü üzərində atmosferin yuxarı qatlarında formalaşan genişmiqyaslı alçaq təzyiq və güclü külək sistemidir. Qütb ətrafında dövr edən bu küləklər son dərəcə soyuq hava kütlələrinin əsasən şimal bölgələrində qalmasına kömək edir.
Sistem güclü olduqda qütb soyuqları həmin ərazidə saxlanılır. Zəiflədikdə isə soyuq hava kütlələri cənuba doğru irəliləyə bilər.
Bu səbəbdən qütb burulğanında baş verən dəyişikliklər qış aylarında Avropa və Şimali Amerikanın hava şəraitinə təsir baxımından mühüm əhəmiyyət daşıyır.