Fransada aprelin 24-ü bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi namizədlər prezident Emmanuel Makron və ifrat sağçı Marin Le Pen canlı yayımda üz-üzə gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Le Pen “islamçılıq”la mübarizə aparmaq istədiyini və Makronun bu mövzuda yürütdüyü siyasətlərin təsirli olmadığını müdafiə edib.
“İslamçılıq ideologiyası” ilə mübarizə haqqında qanun qəbul etməyi hədəflədiyini bildirən Le Pen “İslam”la deyil, “İslamçılıq”la mübarizə apardığını iddia edib.
Le Pen "islamçılıq"la mübarizə çərçivəsində "radikallaşdığı" əsası ilə 570 məscidi bağlamaq istədiyini bildirib.
Le Penin xüsusilə hicabla bağlı İslam əleyhinə verdiyi vədləri tənqid edən Makron, bunların həyata keçirildiyi təqdirdə vətəndaş müharibəsinin başlayacağını müdafiə edib.
Makron bildirib ki, bu qadağa heç bir əhəmiyyət kəsb etmir və Fransaya “xəyanətdir”.
Hökuməti ilə birlikdə “İslamçılıq”la mübarizə apardıqlarını və bir çox dərnəkləri bağladıqlarını dilə gətirən Makron ölkədə 99 məscidin “separatçılıq”da günahlandırıldığını, 23-nün bağlandığını açıqlayıb.
Le Penə müraciət edən Makron dini İslam olan milyonlarla insanın da ölkədə rahat yaşamaq istədiyini bildirib.