ABŞ kəşfiyyatındakı məxfi sənədlərə çatan New York Times qəzeti Rusiyanın Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket aldığını iddia edib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bu iddianı təsdiqləyən açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almış ola biləcəyini ifadə edən Kirbi, hələlik bu silahların müharibədə istifadə edildiyinə dair heç bir işarənin olmadığını bildirib.
Şimali Koreya Pxenyanın Moskvaya artilleriya mərmiləri və raketlər satması xəbəri ilə bağlı açıqlama verib. Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyinə verdiyi açıqlamada Milli Müdafiə Nazirliyinin Avadanlıq Bürosunun baş direktor müavini ABŞ-ın iddialarının doğru olmadığını ifadə edərək, “Biz Rusiyaya heç vaxt silah və sursat ixrac etməmişik və ixrac etməyi də planlaşdırmırıq. ABŞ-ın yaydığı söz-söhbətin haradan qaynaqlandığı bəlli deyil. Şayiələr ölkəmizin imicinə xələl gətirmək məqsədi daşıyır. ABŞ-ni ölkəmiz haqqında ehtiyatsız bəyanatlar verməyi dayandırmağa və ağzını bağlamağa çağırırıq” deyib.