Hindistanda 32 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, rentgen və kompyuter tomoqrafiyasını skan edəndə kişinin mədəsində yad maddə olduğunu anlayan həkimlər xəstəni əməliyyata aparıblar. Təxminən 2 saat davam edən əməliyyat zamanı onun mədəsindən 60-dan çox metal qaşıq çıxıb.
Həkim bildirib ki, həmin şəxs qaşıqları sındırıb və yalnız tutacaqlarını udub. Sağalması üçün reanimasiya şöbəsində saxlanılan xəstə təxminən 6 ay əvvəl metal əşyalar yeməyə başladığını bildirib.
Həkimlər hesab edirlər ki, xəstədə “Pika Sindromu” kimi tanınan qeyri-ərzaq məhsullarını təkrar və davamlı yemək vərdişi ola bilər.
Torpaq, gil, təbaşir, kömür kimi əşyaları yemək vərdişi tibbdə “pika sindromu” adlanır. Adı ictimaiyyət arasında bilinməsə də, insanlar dəmir, sink, kalsium çatışmazlığı kimi səbəblərdən bu maddələri yeməyə meyllidirlər. Lakin mütəxəssislərin fikrincə, bu vəziyyət heç bir mineral çatışmazlığını aradan qaldırmır və qəbizlik, bağırsaq parazitləri və civə zəhərlənməsi kimi problemlər yarada bilər.