Aİ ölkələrinin iyun ayında qəbul etdiyi Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağanın daxil olduğu 6-cı sanksiya paketi keçid dövrünün başa çatması ilə bu gün qüvvəyə minib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyası mayın əvvəlində 6-cı sanksiya paketini hazırlamışdı. Paketə Rusiyadan xam neft və emal olunmuş məhsulların tədarükünün mərhələli şəkildə dayandırılması daxildir.
Avropa İttifaqı ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyulması və barel üçün 60 dollardan yuxarı qiymətin tətbiqi ilə bağlı qərarları bu gündən başlayıb.
Belə ki, Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymətdən yüksək qiymətə satılarsa, G7 və Aİ ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası və brokerliyi kimi müxtəlif xidmətlər göstərə bilməyəcəklər.
Bu xidmətləri göstərmək üçün Rusiya nefti tavan qiymətindən aşağı satılmalıdır.
Rusiya neftinin tavan qiymətinin 60 dollar olması ilə yanaşı, yeni qiymət məhdudlaşdırıcı mexanizm də diqqət mərkəindədir. Bu mexanizm Rusiya neftinin tavan qiymətinin dünya bazarındakı qiymətlərdən 5 faiz aşağı saxlanılmasını təmin edəcək.
Rusiya neftinə tətbiq edilən tavan qiymət hər 2 aydan bir yenidən qiymətləndiriləcək.