Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-dən Manset.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***
Bu gün saat 09:00 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.
***
DİN-in Mətbuat xidmətindən qeyd edilib ki, paytaxtın Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.