Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. Bəs “Qarabağ”dan gözləntilər nələrdir?
Manset.az bugünkü oyunla bağlı ictimai, siyasi və idman sahəsində tanınmış şəxslərlə həmsöhbət olub. Belə ki, oyunla bağlı fikirlər müxtəlifdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə:
“Düşünürəm ki, əsas məsələ oyunun hansı hesab bitməsi deyil, əsas məsələ milli komandamızın dünyanın ən güclü futbol komandaları ilə bir siyahıda olmasıdır. “Qarabağ”ın özünü doğma stadionunda dünyanın ən güclü klublarından birini qəbul etməsi məhz böyük idman hadisəsi hesab edilə bilər”.
Telejurnalist, idman aparıcısı Ceyhun Rzayev:
“Bu gün çox çətin oyun olacaq. “Benfika” üzərində qələbə sanki gözlənti yaradıb ki, “Qarabağ” “Benfika”nı səfərdə uddusa, “Kopenhagen”i Bakıda mütləq udacaq. Amma belə bir şey yoxdu. “Kopenhagen” fiziki cəhətdən də güclü futbolçulardan -hündürboy, atletik oyunçulardan təşkil olunub. Nəzərə alaq ki, hazırda “Qarabağ”da ciddi itki var. Marko Yankoviç zədə səbəbindən oyunu buraxır. Bütün bunları nəzərə alanda oyunun çətinliyi birə-iki artır. Düşünürəm ki, məğlubiyyət olmayacaq, məğlubiyyətdən başqa digər iki qələbə yaxşı hesab olunur. 1 xal belə olsa əldə edəcəyik”.
Əməkdar artist Vasif Məhərrəmli:
“Ötən gün gülərək, istehza ilə “Qalatasaray-Liverpool” oyununa baxanların arzusu gözündə qaldı. Bəziləri lağla yanaşırdılar, amma mən deyirdim ki, bu futboldur, hər oyunun öz taktikası var, hər komandaya görə də oyun dəyişir. Dünən bunu “Qalatasaray” sübut etdi. Bu gün də “Kopenhagen”in böyük hesabla qələbəsini gözləyənlərin arzusu ürəyində qalacaq. İnanıram ki, bu oyunda da Qurban Qurbanovun fərqli taktikası sayəsində “Qarabağ” uduzmayacaq. “”Qarabağ” “Kopenhagen”dən xal alacaq ən pis halda oyun heç-heçə ilə bitəcək. Ümid edirəm ki, qələbə bizim olacaq”.
Tanınmış aparıcı, yazıçı Raqif Raufoğlu:
“ “Qarabağ”ın qəribə xüsusiyəti var. Həmişə səfərdə daha güclü oynayır, sanki “evdə” olanda daha rahat olur. Adətən belə müşahidə etmişik. Bu baxımdan ehtiyatlıyıq, qorxuruq. Amma qələbəyə inanırıq. Çünki düşünürəm ki, “Benfika”nı keçən komanda “Kopenhagen”i də keçə bilər. Təxminən “Qarabağ”ın xeyrinə 2-1 nəticə ilə oyun yekunlaşa bilər”.
Tanınmış idmançı Kamil Zeynallı:
“Allah qoysa, yenə qələbə qazanacağıq. Yenə xalqımız, bütün Türk dünyası sevinəcək. Hamı ümidlidir, “Qarabağ” güclüdür. Dünən “Qalatasaray” sevindirdi bizi, bu gün də “Qarabağ” bunu edəcək. Düşünürəm ki, ümumi hesab 1-0 olacaq. Uğurlar arzu edirəm”.
Fidan Vəlisoy