“Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisində 3 rekord qeydə alınıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Manset.az-a verilən məlumata görə, “Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək mövsümün dördüncü mərhələsi ərəfəsində Azərbaycan Qran Prisi bilet satışında əvvəlki altı ildən yüksək göstərici ilə yadda qalıb.
Digər rekord ilk dəfə 100-dən çox fərqli ölkədən olan azarkeşlərin Azərbaycana səfər etməsidir. Bakıdakı yarışda indiyə qədər belə göstərici olmayıb. Son altı illə müqayisədə ilk dəfə Azərbaycana Qran Prisini izləməyə gələn əcnəbi azarkeşlərin sayı da rekord həddə çatıb. Sahil, Abşeron “B” sektoru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər də tamamilə satılıb. Beləliklə, adıçəkilən tribunalara yerlərin satılması ilə biletlərin 90 faizi sahibini tapıb. Artıq sadəcə son tribunalarda az sayda yerlər qalıb.