Günvurma halları təcili tibbi müdaxilə tələb edir

07:30 - 09 İyul 2024

Günvurma halları təcili tibbi müdaxilə tələb edir

“Günvurma olaraq bilinən bədənin həddindən artıq istiliyə məruz qalması nəticəsində bədən temperaturunun yüksəlməsi ilə (40 dərəcə və daha yüksək ) meydana gələn ciddi tibbi vəziyyətdir”.

 

Manset.az xəbər verir ki, bu fikirləri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-terapevti Günel Sadıqlı bildirib.

Onun sözlərinə görə, günvurma bədənin istiliyi tənzimləmə qabiliyyətinin pozulması ilə xarakterizə olunur və təcili tibbi müdaxilə tələb edir: “Bu zaman dəri isti və qızarmış ola bilər, tərləmə azalır və ya tamamilə dayanır. Güclü başağrısı və baş hərlənməsi, sürətli və dərin nəfəs alma, həmçinin sürətli ürək döyüntüsü, əzələ ağrıları və qıcolmalar, əsəbilik, çaşqınlıq, bəzən huşun itirilməsi, qusma, ürəkbulanma kimi şikayətlər ola bilər. Əlamətləri hiss edən şəxs dərhal tədbir görməlidir. Belə ki, günəşin altında və isti mühitdən kölgəyə, sərin yerə keçmək, elektrolitləri təmin etmək üçün bol miqdarda su içmək lazımdır”.

G.Sadıqlı qeyd edib ki, bu zaman bədən temperaturunu aşağı salmağa çalışmaq lazımdır: “Buna bədəni sərin su ilə isladılmış bezlə silmək və ya buz kompresi tətbiq etmək, daha sonra soyuq su ilə duş almaq aiddir. Geyimi yüngülləşdirmək olar. Xüsusilə, yüngül, nəfəs alan pambıq materialdan geyimlər məsləhətdir. Əlamətlər ciddi və ağırdırsa, dərhal həkimə müraciət edilməlidir”.

Terapevt vurğulayıb ki, günvurma ciddi bir vəziyyət olduğu üçün əlamətləri hiss edən şəxs və ya ətrafındakı insanlar dərhal tədbir görməlidir. Əks halda, gecikmələr ciddi sağlamlıq problemlərinə səbəb olur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az