Bakıda yetkinlik yaşına çatmayan şəxsin zorakılığa məruz qalması ilə bağlı yeni təfərrüat məlum olub.
Manset.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O qeyd edib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş vermiş hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:
"Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər edilib. Səfər zamanı məlum olub ki, qeyd edilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşı olub. Uşaq isə qəyyumu tərəfindən Lənkəran şəhərinə aparılıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində yeniyetmənin qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin olunub. Qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür".
***
18:34
"Fiziki zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan şəxsə yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib".
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
O bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır:
"Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür".
***
10:46
Bakıda valideynlərini itirən uşağın qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı barədə iddialar var.
Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” tərəfindən paylaşım olunub.
O bildirib ki, 14 yaşlı oğlan xalası tərəfindən ağır işgəncələrə məruz qalıb:
"Oğlan atasını və anasını itirib. Xalası onu saxlayırmış. Qəyyumdur, ya yox - bilmirik. Elə uşağa da işgəncəni o verib. Hazırda polis əməkdaşları işi nəzarətə götürüblər. Uşaq bizdə deyil, polis əməkdaşları onun götürülməsi üçün işə başlayıblar. 14 yaşında olduğu üçün bizim sığınacağa yerləşdirilməyəcək".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlamasında bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:
"Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırmanın gedişatında bəlli olacaq".