Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Sənədlə Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Dəyişikliklə, Hesablama Palatası Naxçıvan büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək.
Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.
Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

Manset.az-ın Musavat.com-a istinadən məlunatına görə, tanınmış vəkil Ceyhun Yusifov deyib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanun dəyişiklikləri Naxçıvan Muxtar Respublikasında dövlət maliyyəsinə nəzarət mexanizmlərini əhəmiyyətli dərəcədə genişləndirir:
Amma qanun dəyişikliklərini yalnız Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi kimi qəbul etmək düzgün olmaz. Burada daha geniş idarəetmə məntiqi var:
"Dövlət vəsaitlərinin hərəkət etdiyi sahələrin maliyyə nəzarətindən kənarda qalma imkanları azaldılır. Xüsusilə Naxçıvanla bağlı dəyişiklik muxtar respublikanın büdcəsinin, fondlarının, publik hüquqi şəxslərinin və dövlət maliyyəsi ilə bağlı digər mexanizmlərin daha geniş audit çərçivəsinə daxil edilməsini nəzərdə tutur. Beləliklə, yeni qaydalar qüvvəyə mindikcə əsas məsələ təkcə Hesablama Palatasının hansı səlahiyyətə malik olması deyil, həmin səlahiyyətlərin praktikada nə qədər effektiv tətbiq ediləcəyi olacaq. Çünki maliyyə nəzarətinin gücü yalnız qanunda yazılan səlahiyyətlərlə deyil, həmin səlahiyyətlərin real auditlərə, hesabatlara, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına və dövlət vəsaitindən istifadənin səmərəliliyinə necə təsir göstərməsi ilə ölçülür. Hesablama Palatasının Naxçıvanın büdcəsi və dövlət vəsaitlərinin istifadəsi üzərində səlahiyyətləri artır. Əslində, söhbət sadəcə texniki qanun dəyişikliyindən getmir. Yeni mexanizm Naxçıvanda büdcə və dövlət vəsaitlərinin formalaşması və xərclənməsinə daha sistemli, kənar və parlament nəzarətinin gücləndirilməsi deməkdir. Yeni qaydalara əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının büdcə layihəsinə və onun icrasına, eləcə də müvafiq qanun layihələrinə və illik hesabatlara rəy verə biləcək. Naxçıvan büdcəsində dövlət vəsaitlərinin haradan gəldiyi, hansı istiqamətlərə xərcləndiyi və nəzərdə tutulan vəsaitlərin məqsədəuyğun istifadə olunub-olunmadığı daha geniş şəkildə audit predmetinə çevriləcək. Bu, xüsusilə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi, onların təyinatı və icra nəticələrinin müqayisəli şəkildə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Dəyişikliyin ən mühüm tərəflərindən biri də Hesablama Palatasının nəzarət imkanlarının büdcədən kənar dövlət vəsaitlərinə qədər genişləndirilməsidir. Palata Naxçıvanda büdcədənkənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitlərinin, dövlət zəmanəti ilə alınan kreditlərin, dövlət qrantlarının, texniki yardımların, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının istifadəsi ilə bağlı nəzarət və audit imkanlarına malik olacaq".

Vəkil bildirib ki, bu, mühüm məqamdır:
"Çünki dövlət maliyyəsi yalnız dövlət büdcəsinin xərc maddələrindən ibarət deyil. Dövlət müəssisələri, fondlar və publik hüquqi şəxslər vasitəsilə idarə olunan vəsaitlərin də həcmi kifayət qədər böyük ola bilər. Yeni mexanizm həmin vəsaitlərin də maliyyə nəzarətindən kənarda qalmasının qarşısını almağa yönəlir. Əsas dəyişiklik şəffaflıq və hesabatlılıq mexanizmlərinin güclənməsi ola bilər. Əvvəllər müxtəlif dövlət strukturlarının sərəncamında olan vəsaitlərin istifadəsi ilə bağlı nəzarət mexanizmləri ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilirdisə, indi Hesablama Palatasının səlahiyyətlərinin genişlənməsi maliyyə nəzarətinin daha vahid sistemə yaxınlaşmasına şərait yaradır. Dövlət vəsaitinin hərəkəti ilə bağlı suallar yarandıqda, onun hansı fondun, qurumun və ya maliyyə mexanizminin daxilində olması audit üçün əvvəlki qədər məhdudlaşdırıcı amil olmayacaq. Bu baxımdan dəyişiklik Naxçıvanda dövlət idarəçiliyinin maliyyə tərəfinin daha sıx nəzarətə götürülməsi kimi qiymətləndirilə bilər".
Ceyhun Yusifov deyib ki, qanunda sığorta şirkətləri ilə bağlı daha bir mühüm yenilik yer alır:
"Qanun dəyişikliklərinin digər istiqaməti sığorta bazarına aiddir. Hesablama Palatası sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri və sığorta sirri hesab olunan məlumatlara çıxış əldə edə biləcək. Burada mühüm nüans sığorta sirrinin tamamilə aradan qaldırılması anlamına gəlmir. Söhbət Hesablama Palatasının öz audit və nəzarət funksiyalarını həyata keçirə bilməsi üçün həmin məlumatlara qanunla müəyyən edilmiş çərçivədə çıxış imkanından gedir. Bu dəyişiklik dövlət maliyyəsinin sığorta sektorunda hərəkətinin daha ətraflı yoxlanılmasına imkan yarada bilər. Dövlət maliyyəsinə nəzarətin əsas məqsədi yalnız pozuntu aşkar etmək deyil. Daha mühüm məsələ dövlət vəsaitinin səmərəli, qanuni və məqsədyönlü istifadə olunmasını təmin etməkdir. Nəticədə dövlət vəsaitlərinin istifadəsi ilə bağlı "pul haradan gəldi, hara xərcləndi və nəticəsi nə oldu?" suallarına daha geniş audit mexanizmləri vasitəsilə cavab axtarmaq mümkün olacaq".