logo
logo logo
logo

Gecə aclığının qarşısını alan sadə vərdiş 

01:30 - 10 Oktyabr 2026

Gecə aclığının qarşısını alan sadə vərdiş 

Axşam saatlarında şirniyyata qarşı yaranan güclü istək heç də həmişə həqiqi aclıqla bağlı olmur. Dietoloq yatmazdan əvvəl qəlyanaltı axtarmaq vərdişindən xilas olmağa kömək edən sadə üsul tövsiyə edib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, axşam yeməyinfən təxminən bir saat keçib və birdən şirin bir şey yemək istəyirsiniz. Mətbəxə gedib dondurma, bir neçə peçenye və ya şokolad götürürsünüz. Lakin bir neçə dəqiqədən sonra yenidən nəsə yemək istəyi yaranır. Bu dəfə isə sevimli serialınıza baxarkən duzlu və ya xırtıldayan bir şey yemək istəyirsiniz.

Axşam saatlarında yemək istəyinin yaranması geniş yayılmış haldır və bunun müəyyən səbəbləri var. Lakin gec saatlarda qəlyanaltı yemək istəyi heç də həmişə orqanizmin həqiqətən qidaya ehtiyac duyduğunu göstərmir. Qeydiyyatdan keçmiş dietoloq, “ComPsych” şirkətinin sağlamlıq üzrə kouçinq istiqamətinin vitse-prezidenti Cessika Dinin sözlərinə görə, əgər insan axşam saat səkkiz radələrində aclıq hiss edirsə, bəzən bunun səbəbi beynin müsbət emosiyalar axtarması olur.

“Bəzən bu istək həqiqətən fiziki aclıqdan qaynaqlanır. Lakin əksər hallarda axşam saatlarında yemək istəyi uzun və yorucu gündən sonra rahatlamaq ehtiyacı ilə bağlıdır”, - deyə Din izah edib.

Onun sözlərinə görə, dopamin beyində həzz və məmnunluq hissi ilə əlaqəli kimyəvi maddədir. Buna görə də insana elə gələ bilər ki, beyin yemək tələb edir. Əslində isə insanın ehtiyac duyduğu şey xoş emosiyalar ola bilər. Axşam saatlarında hansı qidaların seçilməsinə vərdişlər də təsir göstərir.

Dietoloq qeyd edir ki, insanların çoxunun evində şəkər, yağ və duz miqdarı yüksək olan məhsullar olur. Məhz bu qidalar gecə qəlyanaltı yemək istəyi yarananda ilk yada düşənlərdir. Vaxtaşırı sevdiyiniz qidalarla özünüzü sevindirmək problem deyil. Lakin gecə qəlyanaltıları gündəlik vərdişə çevrilərsə, zamanla sağlamlığa mənfi təsir göstərə bilər. Bu istəyin qarşısını almağın yollarından biri beyinə həzz və rahatlıq hissini başqa üsullarla qazandırmaqdır.

“Yaxşı xəbər budur ki, günün sonunda dopaminlə əlaqəli məmnunluq hissi yaşamaq üçün yemək yeganə vasitə deyil”, - Din bildirib.

Dietoloq axşam yeməyindən sonra həm sakitləşdirən, həm də insana zövq verən fəaliyyətlə məşğul olmağı məsləhət görür. Bu, meditasiya, gəzinti, maraqlı kitab oxumaq və ya rahatladıcı vanna qəbul etmək ola bilər. Belə məşğuliyyətlər diqqəti yeməkdən yayındırmağa və gərgin gündən sonra dincəlməyə kömək edir.

Əgər gecə qəlyanaltı yemək artıq gündəlik həyatın bir hissəsinə çevrilibsə, onu başqa fəaliyyətlə əvəz etmək çətin ola bilər. Bu halda Din axşam saatlarında həddindən artıq yeməyə səbəb olan şəraiti və davranış ardıcıllığını dəyişməyi tövsiyə edir. Məsələn, insan televizor qarşısında divanda uzanaraq nəsə yeməyə öyrəşibsə, bu vərdişi yeni bir axşam ritualı ilə əvəz edə bilər. Bunun üçün bir fincan çay içmək, dişləri fırçalamaq və ya başqa otaqda dincəlmək kifayət edə bilər.

“Belə dəyişikliklər yeni assosiasiyalar yarada və daha sağlam vərdişlərin formalaşmasını asanlaşdıra bilər”, - dietoloq izah edib.

Beləliklə, axşam saatlarında yaranan yemək istəyinin qarşısını almağın əsas yolu sevimli qidalardan tamamilə imtina etmək deyil, axşam yeməyindən sonrakı gündəlik vərdişləri dəyişməkdir. Gəzinti, vanna, kitab oxumaq, meditasiya, çay içmək və hətta dişləri fırçalamaq belə beyin üçün yeni bir siqnala çevrilə bilər: gün başa çatıb, artıq növbəti qəlyanaltını axtarmaq deyil, dincəlmək vaxtıdır. Bununla belə, həqiqi fiziki aclıq hissi varsa, onu görməzdən gəlmək düzgün deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az