Oktyabrın 22-də Bakıda keçiriləcək TABA-AmCham Eurasia Investment & Networking Summit 2026 sammiti Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yeni investisiya imkanlarının müəyyənləşdirilməsinə və beynəlxalq biznes əlaqələrinin inkişafına həsr olunacaq.
Manset.az xəbər verir ki, Türk-Amerika İş Adamları Dərnəyi – Amerika Ticarət Palatası (TABA-AmCham) beynəlxalq ticarət, investisiya və iqtisadi diplomatiya sahəsində fəaliyyətini genişləndirərək 2026-cı il oktyabrın 22-də, saat 09:00-dan 14:00-dək Azərbaycanın paytaxtı Bakıda "TABA-AmCham Eurasia Investment & Networking Summit 2026" beynəlxalq sammitini keçirəcək.
"İnvestisiyaları birləşdirir, gələcəyi qururuq" şüarı və "Xəzər körpüsü" (Caspian Bridge Summit) konsepsiyası əsasında təşkil olunacaq tədbirin əsas məqsədi Türkiyə, Azərbaycan və ABŞ başda olmaqla, Avrasiya məkanında iqtisadi və ticarət əlaqələrini gücləndirmək, yeni investisiya imkanlarını dəyərləndirmək, beynəlxalq biznes dairələri arasında davamlı tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.
TABA-AmCham-ın Azərbaycan üzrə Bakı nümayəndəliyinin ev sahibliyi, Türkiyə Respublikasının Bakıdakı səfirliyinin əməkdaşlığı, Azərbaycanın İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçiriləcək sammit Radisson Hotel Baku-da təşkil olunacaq.
Tədbirdə dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, diplomatik missiyaların təmsilçiləri, biznes liderləri, investorlar və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Sammitdə enerji, müdafiə sənayesi, aviasiya, texnologiya, logistika, rəqəmsal transformasiya və strateji investisiyalar əsas müzakirə istiqamətləri olacaq. Bununla yanaşı, Türkiyə–Azərbaycan–ABŞ iqtisadi əlaqələri və Xəzər regionunun beynəlxalq ticarət və investisiya şəbəkəsindəki strateji mövqeyi də diqqət mərkəzində saxlanılacaq.
Yüksək səviyyəli diplomatik və iqtisadi iştirak
Sammit TABA-AmCham-ın Azərbaycan üzrə Bakı nümayəndəsi Qızılı Seyidovanın salamlama nitqi ilə başlayacaq.
Açılış mərasimində TABA-AmCham-ın İdarə Heyətinin sədri Süleyman Ecevit Sanlı, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar İskəndərov, Naqif Həmzəyev və Razi Nurullayev, ASK-nın sədr müavini Vüqar Zeynalov, eləcə də SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun çıxışları nəzərdə tutulur.
Diplomatiya, dövlət idarəçiliyi və özəl sektor nümayəndələrini vahid platformada bir araya gətirəcək sammitdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı investisiyaların artırılması, habelə ABŞ və Avrasiya bazarları arasında yeni ticarət imkanları müzakirə olunacaq.
Qlobal investisiyalar, texnologiya və strateji əməkdaşlıq müzakirə ediləcək
Sammitin əsas hissəsini təşkil edəcək "Caspian Bridge – Qlobal investisiyalar, texnologiya, ticarət və strateji əməkdaşlıq" adlı paneldə regional və qlobal iqtisadi proseslər, yeni investisiya modelləri, beynəlxalq ticarət dəhlizləri, enerji, müdafiə və aviasiya sənayesi, logistika, texnologiya, rəqəmsal transformasiya, eləcə də strateji sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.
AZAGROMİLA şirkətinin baş direktoru Ramazan Karaşahinin moderatorluğu ilə keçiriləcək paneldə Türkiyə Respublikasının Bakıdakı səfirliyinin ticarət üzrə baş müşaviri Nevzat Bozkurt, TABA-AmCham-ın İdarə Heyətinin üzvü və Gömrük-Logistika Komitəsinin sədri Murat Doğan, Müdafiə, Aviasiya və Kosmik Sənaye Komitəsinin sədri Mert Ünsal, təşkilatın London nümayəndəsi, vəkil Cem Congar, İnformasiya Texnologiyaları Komitəsi sədrinin müavini Atakan Çetintaş və Adatech şirkətinin biznesin inkişafı və tədqiqat-inkişaf üzrə meneceri Zeynep Cıgal çıxış edəcəklər.
Panel çərçivəsində, xüsusilə Türkiyə, Azərbaycan və ABŞ arasında üçtərəfli iqtisadi əməkdaşlıq potensialı, Xəzər regionunun enerji və logistika sahələrində strateji əhəmiyyəti, beynəlxalq investisiya imkanları, müdafiə və aviasiya sənayesində texnoloji yeniliklər, eləcə də rəqəmsal transformasiyanın qlobal ticarətə təsiri diqqət mərkəzində olacaq.
İştirakçılar müxtəlif sektorlarda investisiya və əməkdaşlıq perspektivlərini dəyərləndirməklə yanaşı, beynəlxalq bazarlara çıxış təcrübələrini və bu istiqamətdə mövcud imkanlarla bağlı fikirlərini bölüşəcəklər.
Bakıda yeni investisiya və ticarət tərəfdaşlıqları üçün beynəlxalq platforma
Sammit çərçivəsində şirkətlərarası (B2B) və şirkətlərlə dövlət qurumları arasında (B2G) görüşlər, eləcə də işgüzar əlaqələrin qurulmasına yönəlmiş networking tədbirləri keçiriləcək.
Bu görüşlər iştirakçılara beynəlxalq biznes əlaqələri yaratmaq, potensial investisiya və ticarət tərəfdaşlıqlarını dəyərləndirmək, yeni bazarlara çıxış imkanlarını araşdırmaq üçün şərait yaradacaq.
Türkiyə, Azərbaycan və ABŞ-ın işgüzar dairələrinin ortaq iqtisadi məqsədləri nəzərə alınmaqla təşkil edilən sammit investorları, şirkət rəhbərlərini və dövlət qurumlarının nümayəndələrini birbaşa ünsiyyət platformasında birləşdirərək konkret əməkdaşlıq təşəbbüslərinin formalaşmasına zəmin yaratmağı hədəfləyir.
"Yeni investisiyalar. Güclü tərəfdaşlıqlar. Ortaq gələcək" yanaşması əsasında keçiriləcək tədbirdə Xəzər regionunun Avropa, Asiya və Amerika bazarları ilə iqtisadi-ticarət inteqrasiyasının genişləndirilməsi perspektivləri də müzakirə olunacaq.
TABA-AmCham-ın Avrasiyanı əhatə edən iqtisadi diplomatiya strategiyası
1987-ci ildə yaradılan və 1991-ci ildə AmCham statusu alan TABA-AmCham 600-dən çox üzv şirkəti, İstanbulda yerləşən baş ofisi, Ankara, İzmir və Çukurova filialları, eləcə də Türkiyə və ABŞ başda olmaqla müxtəlif ölkələrdəki nümayəndəlik şəbəkəsi vasitəsilə ticarət, investisiya və iqtisadi diplomatiya sahələrində fəaliyyət göstərir.
TABA-AmCham-ın İdarə Heyətinin sədri Süleyman Ecevit Sanlının rəhbərliyi ilə beynəlxalq fəaliyyətini genişləndirən təşkilat ABŞ və Avropada keçirdiyi yüksək səviyyəli tədbirlərdən sonra Bakı sammiti vasitəsilə Avrasiya bazarlarında əməkdaşlığın inkişafına yeni töhfə verməyi qarşıya məqsəd qoyub.
Təşkilatın 2026-cı ildə Nyu-Yorkda keçirdiyi Global Business Summit New York 2026, eləcə də İstanbulda 30 ölkədən 70 AmCham liderinin və 250-dən çox iştirakçının bir araya gəldiyi ACE Best Practice Sharing Conference (BPSC) 2026 tədbirlərinin davamı olaraq təşkil ediləcək Bakı sammiti TABA-AmCham-ın beynəlxalq iqtisadi diplomatiya fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi nəzərdə tutulur.
TABA-AmCham-ın Azərbaycan üzrə Bakı nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək sammit Azərbaycan ilə Türkiyə arasında mövcud olan tarixi, mədəni və iqtisadi əlaqələrin beynəlxalq investisiya və ticarət imkanları ilə daha da möhkəmləndirilməsinə, Xəzər regionu ilə qlobal bazarlar arasında yeni iqtisadi əlaqələrin qurulmasına xidmət edəcək.
Sammitdə iştirak və qeydiyyat
TABA-AmCham Eurasia Investment & Networking Summit 2026 oktyabrın 22-də, saat 09:00-dan 14:00-dək Radisson Hotel Baku-da keçiriləcək.
Tədbirdə iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək və iştirak barədə təsdiq vermək (RSVP) tələb olunur. İştirakçı yerlərinin sayı məhduddur.
İşgüzar dairələrin nümayəndələri, investorlar və müvafiq sahələr üzrə mütəxəssislər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər: