İran ABŞ-yə “uran” mesajı göndərdi

15:02 - 19 May 2025

İran ABŞ-yə “uran” mesajı göndərdi

İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bildirib ki, əgər ABŞ Tehranın uran zənginləşdirmə fəaliyyətini tamamilə dayandırmaqda israrlı olarsa, nüvə danışıqları nəticəsiz qala bilər.


Manset.az xəbər verir ki, o, bu fikirləri "Mizan" xəbər Agentliyinə verdiyi açıqlamada səsləndirib.

Rəvançi ABŞ-nin danışıqlardakı nümayəndəsi Stiv Vitkoffun İranın uran zənginləşdirmə prosesini sıfıra endirməsi barədə bəyanatına münasibət bildirərək deyib:
"Əgər amerikalıların mövqeyi uran zənginləşdirməsinin tam dayandırılmasıdırsa, bu danışıqlar heç bir nəticə verməyəcək. Zənginləşdirmə ilə bağlı mövqeyimiz aydındır və bu məsələdə geri addım atmayacağıq."

Rəvançi həmçinin verdiyi açıqlamada İngiltərə mediasında yer alan İranın uran zənginləşdirmə fəaliyyətlərini 3 il müddətinə dayandıracağı ilə bağlı iddiaları təkzib edib:

"Belə bir məsələ gündəmdə deyil", – deyə o vurğulayıb.

Hazırda İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar davam edir. Tehran nüvə fəaliyyətlərini məhdudlaşdırmaq müqabilində iqtisadi sanksiyaların ləğvini tələb edir. ABŞ isə İranın uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmasını istəyir.

Qeyd edək ki, ABŞ əvvəllər İranın aşağı səviyyədə uran zənginləşdirməsinə razı ola biləcəyini bildirsə də, son günlər bu mövqeyindən geri çəkilərək uran zənginləşdirməsinin bütün səviyyələrdə dayandırılmasını tələb edib.

İran isə bu tələbi qəbul etmədiyini bəyan edir. Xarici işlər nazirinin digər müavini Abbas Ərakçi dünən verdiyi açıqlamada bildirib ki, razılaşma əldə olunub-olunmamasından asılı olmayaraq İran uran zənginləşdirmə fəaliyyətlərini davam etdirəcək:
"ABŞ-ın bu məsələ ilə bağlı israrı danışıqların dayandırılmasına səbəb ola bilər", – deyə Ərakçi qeyd edib.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff isə dünən ABC News-a verdiyi açıqlamada bildirib ki, İranın hətta 1 faizlik zənginləşdirməyə belə icazə verilməyəcək:
"Uran zənginləşdirməsi Tramp administrasiyası üçün aydın və ciddi bir qırmızı xətdir. Bu fəaliyyət silah istehsalına imkan yaradır və biz buna icazə verə bilmərik", – deyə o bildirib.

Bundan əvvəl Britaniyanın “The Guardian” qəzeti mayın 15-də yaydığı hesabatda bəzi vasitəçilərin İrana nüvə razılaşmasının əldə olunması üçün uran zənginləşdirmə fəaliyyətini üç il müddətinə dayandırmağı təklif etdiyini yazmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv