ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı son hücumlarına münasibət bildirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Tramp bu barədə "Morristown" hava limanında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını tənqid edib: “Putinin etdiklərindən razı deyiləm. O, çoxlu insanı öldürür və mən nə baş verdiyini anlamıram”.
Tramp əlavə edib ki, Rusiya liderinin bu addımlarından təəccüblənib: “Mən onu (Putini) uzun illərdir tanıyıram. Vaxtilə münasibətlərimiz yaxşı olub, anlaşırdıq. Amma indi o, şəhərlərə raketlər atır, mülki insanları öldürür. Bu mənə heç xoş deyil. Danışıqlar prosesinin ortasında o, Kiyevə və digər şəhərlərə zərbələr endirir. Mən bu vəziyyətdən məmnun deyiləm”.
Digər tərəfdən, Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın son hücumları ilə bağlı açıqlama verib. O bildirib ki, Rusiya Silahlı Qüvvələrinin raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar nəticəsində 12 nəfər ölüb, 60-dan çox insan yaralanıb.