Serbiyanın tanınmış TikTok fenomeni, 19 yaşlı Tijana Radonjiç istirahət üçün getdiyi Monteneqronun Budva şəhərində paraseylinq zamanı faciəvi şəkildə həyatını itirib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə paraseylinq (paraşütlə dəniz üzərində uçuş) zamanı baş verib.
Gənc fenomenin sosial şəbəkələrdə daha çox izləyici cəlb etmək üçün video çəkdiyi bildirilir. Şahidlərin sözlərinə görə, Radonjiç video çəkilişi zamanı təhlükəsizlik kəmərini açmağa çalışıb. Lakin bu təhlükəli addım onun həyatına son qoyub.
O, təxminən 45 metr yüksəklikdən dənizə düşərək hadisə yerindəcə vəfat edib. Faciə anı isə kameralar tərəfindən qeydə alınıb.
Qəzanın görüntüləri qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb və böyük rezonansa səbəb olub. “TikTok” platformasında #TijanaRadonjic heşteqi ilə paylaşılan videolara milyonlarla baxış gəlib. Minlərlə istifadəçi gənc fenomenin itkisinə görə kədərini ifadə edib.