Türkiyədə qram qızılın qiyməti yenidən tarixi maksimuma çatıb. Sentyabrın 12-də alış-satış bazarında qram qızıl 4 min 855 lirə həddini keçərək “rekord üstə rekord” qırıb.
Manset.az Yenisabah.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qiymət artımının əsas səbəbləri türk lirəsinin dəyər itirməsi, qlobal iqtisadi qeyri-sabitlik və jeopolitik risklərin güclənməsi ilə bağlıdır. İnvestorların “təhlükəsiz liman” olaraq qızıla yönəlməsi bazarda tələbi artırıb.
İqtisadçı İslamMemiş ilin sonuna doğru qram qızılın 5 min lirə civarına yüksələcəyini istisna etmir. Onun sözlərinə görə, qlobal inflyasiya və ABŞ-da faiz dərəcələri ilə bağlı qərarlar da qiymətlərin istiqamətinə təsir göstərəcək.
Ekspertlər bildirirlər ki, hazırda qızıl alışı ilə bağlı spekulyativ hərəkətlər də müşahidə olunur və bu, qiymətlərin dəyişkənliyini artırır.