Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin dünyaya mühüm mesaj vermək üçün əhəmiyyətli fürsət olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində Məkkə Sazişinin sülh mesajı daşıdığını qeyd edib. O, bu əməkdaşlığın gələcəkdə daha da genişlənə biləcəyini, Misirin müraciət etməsi halında isə danışıqlar üçün qapının açıq olduğunu vurğulayıb.
Türkiyə Prezidentinin sözlərinə görə, Qəzzanı tək qoymayacaqlar. Ərdoğan həmçinin Dəməşqə səfər edəcəyini bildirib.
Avropa İttifaqı ilə münasibətlərə də toxunan Ərdoğan Türkiyənin əsas prioritetinin Avropa İttifaqı olmadığını deyib. O, Avropa İttifaqına üzv ölkələrə müraciətlə Türkiyə ilə münasibətlərdə itirən tərəfin Avropa olacağını vurğulayıb.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da Ərdoğanın müsahibəsi ilə bağlı açıqlamasında Məkkə Sazişinin dünya sülhünə güclü mesaj verdiyini bildirib. Duran qeyd edib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında əməkdaşlıq gələcəkdə genişlənə bilər və Misirin istəyəcəyi təqdirdə danışıqlara qapı açıqdır.