Rusiya ilə Ukrayna arasında qarşılıqlı olaraq 103 hərbi əsirin dəyişdirilməsi həyata keçirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynadan 103 rusiyalı hərbçi geri qaytarılıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin 103 hərbçisi təhvil verilib.
Mübadilə nəticəsində azadlığa buraxılan rusiyalı hərbçilərin hazırda Belarusda olduqları bildirilib. Rusiya İnsan Hüquqları üzrə Ali Müvəkkili Yana Lantratovanın da hərbçilərin yanında olduğu qeyd edilib.
Açıqlamada hərbçilərə zəruri psixoloji və tibbi yardım göstərildiyi, daha sonra müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə göndəriləcəkləri bildirilib.
Əsir mübadiləsinin Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirildiyi qeyd olunub.