İnsan orqanizmi ilə bağlı aparılan araşdırmalar zamanı elmə əvvəllər məlum olmayan yeni bir quruluş aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kəllə sümüyünün daxilində müəyyən edilən bu quruluşun immun sistemində mühüm rol oynaya biləcəyi və hətta yeni orqan hesab edilə biləcəyi ehtimal olunur.
Alimlərin fikrincə, beynin yaxınlığında yerləşən və immun hüceyrələrinin bir növ “təlim keçdiyi” mərkəz kimi fəaliyyət göstərən bu quruluş orqanizmin, xüsusilə beyin şişlərinə qarşı ilkin müdafiə mexanizmlərindən biri ola bilər.
Hazırda sözügedən quruluş siçanlar üzərində aparılan araşdırmalar zamanı müəyyən edilib. Tədqiqatçılar insan kəllə sümüyündə də buna bənzər strukturların mövcudluğuna dair əlamətlər aşkarladıqlarını bildiriblər.
Alimlər hesab edirlər ki, gələcək araşdırmalar bu quruluşun insan orqanizmindəki funksiyasını və immun sisteminin fəaliyyəti ilə əlaqəsini daha aydın ortaya çıxara bilər.