ABŞ ordusunun İranla gərginliyin davam etdiyi Hörmüz boğazında neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə gizli dəhliz yaratdığı iddia olunub.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, bir neçə həftədir davam edən əməliyyat çərçivəsində hər gecə 15-20 neft tankeri Hörmüz boğazının cənub kanalından keçərək bölgəyə daxil olur və ərazini tərk edir.
ABŞ rəsmilərinin iddiasına əsasən, bu yolla Hörmüz boğazından gündəlik təxminən 10 milyon barrel neft dünya enerji bazarlarına çatdırılır.
Rəsmilər bu həcmin müharibədən əvvəlki göstəricinin təxminən yarısına bərabər olduğunu, lakin təşəbbüsün qlobal neft tədarükündə yaranan fasilələrin azaldılmasına mühüm töhfə verdiyini bildiriblər.
İddialara görə, əməliyyat yalnız neftlə yüklənmiş tankerlərin boğazdan təhlükəsiz çıxarılmasını əhatə etmir. ABŞ ordusu boş tankerlərin də Oman dənizindən Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olmasına kömək edir.
Əməliyyatın ABŞ-nin Şimali Karolina ştatındakı "Fort Bragg" hərbi bazasından idarə edildiyi bildirilir. Məlumata görə, gəmilər hər gecə müəyyən edilmiş vaxt aralığında biri boğazdan çıxan, digəri isə boğaza daxil olan iki ayrı karvan şəklində hərəkət edir. Tankerlər ABŞ ordusunun göstərişləri əsasında boğazın cənub kanalından keçirlər.
ABŞ rəsmiləri əməliyyatın ABŞ Mərkəzi Komandanlığının İranın radar və dəniz müşahidə sistemlərinə qarşı həyata keçirdiyi iki həftəlik hərbi əməliyyatdan sonra mümkün olduğunu iddia ediblər.