Sakit okeanın tropik hissəsində dəniz səthinin temperaturu rekord həddə yüksəlib. Mütəxəssislər 1950-ci ildən bəri müşahidə olunan ən güclü El Nino hadisəsindən də daha şiddətli bir dövrün yaşana biləcəyi barədə xəbərdarlıq edirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bildirilir ki, bu tarixi hadisə milyonlarla uşağın həyatına təsir göstərə, həddindən artıq istilərə, quraqlığa, daşqınlara və ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər.
El Nino meylinin ölçüldüyü bölgədə temperaturun normadan 6,1 Farenheyt (təxminən 3,4 dərəcə Selsi) yüksək olduğu bildirilir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) son açıqlamasında bu payız və qış aylarında “çox güclü hadisə”nin baş vermə ehtimalının 90 faiz olduğunu açıqlayıb.
Bundan əlavə, 1950-ci ildən bəri qeydə alınan ən güclü El Nino hadisəsindən də daha şiddətli, tarixi miqyaslı hadisənin baş vermə ehtimalının 75 faiz olduğu bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yayımladığı təhlildə isə iqlim hadisəsinin yüz milyonlarla uşağı təhlükəli şəraitlə üz-üzə qoya biləcəyi barədə xəbərdarlıq edilib.