Livanın Baş naziri Nəvvaf Salam ABŞ və İsrailin İranla müharibəsinin yenidən başlama ehtimalı fonunda ölkəni yeni silahlı qarşıdurmaya sürükləməmək barədə Hizbullaha üstüörtülü xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prezident Cozef Aun Baş nazir Nəvvaf Salamla Beyrutdakı Baabda sarayında görüşüb. Tərəflər sabah keçiriləcək Nazirlər Kabinetinin iclasını və gündəmdəki məsələləri müzakirə ediblər.
Görüşdən sonra açıqlama verən Salam bildirib: “Bölgədə müharibə təhlükələrinin artdığı bir vaxtda Livanı kənar qüvvələrin maraqlarına xidmət edən mənasız yeni avantüraya sürükləməyin təhlükəli olduğu barədə xəbərdarlığımı bir daha təkrarlayıram”.
Baş nazir əlavə edib: “Livan xalqının seçmədiyi bir taleyin ona qəbul etdirilməsinə və ölkəmizin yenidən başqalarının münaqişələri üçün döyüş meydanına çevrilməsinə razı deyilik”.