Xəbər
verdiyimiz kimi, 5 may 2025-ci il tarixində Monteneqronun Budva şəhərində ATƏT
Parlament Assambleyasının (ATƏT PA)
İpək Yolu Qrupu və Monteneqro Parlamenti tərəfindən birgə təşkil olunan 5-ci
Beynəlxalq Konfrans işə başlayıb.
Manset.az xəbər verir ki, “Qitələr
Arasında Körpü Qurmaq: Davamlı Turizm, Təmiz Enerji və Ekoloji Tarazlıqla
Dayanıqlı Gələcək” mövzusunda keçirilən konfransda
Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić, Məkan Planlaşdırılması,
Urbanizasiya və Dövlət Əmlakı naziri Slaven Radunović, Turizm naziri Simonida
Kordić, Dənizçilik naziri Filip Radulović, ATƏT PA-nın Baş katibi Roberto
Montella, ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru Bakıt
Jusupov, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Avropa İttifaqının Enerji Birliyi Katibliyinin Avropa Yaşıl
Razılaşması Bölməsinin rəhbəri Adam Sveç, Aralıq dənizi Parlament
Assambleyasının Qadın Parlament Forumunun vitse-prezidenti Müşərrəf Pərvin Tuba
Durgut, ATƏT PA-nın
üzvləri, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri iştirak
ediblər.
Açılış
mərasimində çıxış edən Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić İpək
Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək bu platformanın qədim İpək
Yolu ənənələrini yaşatmaqla qitələrarası əməkdaşlığı gücləndirdiyini və
ölkəsinin bu əhəmiyyətli tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu
bildirib.
ATƏT
PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi
Komitəsinin və İpək Yolu Qrupunun sədri Azay Quliyev çıxışında bildirib ki,
2017-ci ildə təsis olunan Qrup bu gün 27 ölkəni özündə birləşdirir və
Assambleyanın ən dinamik və əhatəli platformalarından birinə çevrilib. O,
Qrupun “Şərq və Qərb, ənənə və yenilik, tarix və gələcək arasında körpü” rolunu
ön plana çəkib.
ATƏT
PA-nın vitse-prezidentləri Kriakos Haciyani və Pere Pons, Baş katib Roberto
Montella, ATƏT-in Koordinatoru Bakıt Jusupov, QDİƏT PA-nın Baş katibi Asəf
Hacıyev və digər çıxış edənlər İpək Yolu Qrupunun və Budvada keçirilən
konfransın ATƏT regionu üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüslərin çağdaş
problemlərin həllinə ciddi töhfə verdiyini qeyd ediblər.
Mayın
5-də “Dayanıqlı Turizm: İnkişaf və Ekologiya Arasında Tarazlıq”, “Təmiz Enerji Dəhlizləri: Davamlı
Gələcəyin Enerji Mənbəyi” və “İpək
Yolu Regionunda Əlaqəlilik: Çağırışlar və İmkanlar” mövzusunda Panel müzakirələr keçirilib.
Günün
sonunda ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən Budva Bəyannaməsi qəbul
edilib. Bəyannamədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq
səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipi təsdiqlənib.
ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən COP29-un
Sədrliyini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə qlobal iqlim gündəliyinə
daxil edilən dayanıqlı turizm, təmiz enerji dəhlizləri və ekoloji zonalar
arasında əlaqənin gücləndirilməsi təşəbbüslərinə dəstək ifadə olunub.
Bəyannamədə
bərabərlik, həmrəylik və qarşılıqlı hörmət ruhunda qarşılıqlı anlayışın
möhkəmləndirilməsi, ortaq maraqlar və praktik əməkdaşlığın inkişafı məqsədilə
parlament diplomatiyasına sadiqlik vurğulanır. Eyni zamanda, iqlim
dəyişiklikləri, iqtisadi qeyri-sabitlik və geosiyasi gərginliklərin doğurduğu
çağırışlar fonunda parlamentlərin koordinasiyalı və prinsipial reaksiyasının
vacibliyi qeyd olunub.
Bəyannamə,
həmçinin İpək Yolu regionunun qitələrarası körpü rolunu vurğulayaraq, bu
baxışın parlament dialoqu və ümumi iqtisadi inkişaf məqsədlərinə uyğun
layihələrlə dəstəklənməsinin vacibliyini qeyd edir. İştirakçılar ATƏT PA-nın
İpək Yolu Qrupunun inklüziv və gələcəyə yönəlmiş müzakirə platforması kimi
rolunun gücləndirilməsinə sadiqliyini bir daha ifadə ediblər.
6
may tarixində konfrans çərçivəsində Biznes və Süni İntellekt Forumu
keçiriləcək, ardınca isə nümayəndələrin iştirakı ilə “Hər Ölkəyə Bir Ağac
Əkək” adlı ekoloji layihə çərçivəsində ağacəkmə aksiyası baş tutacaq.
Aksiya zamanı Azərbaycanın və digər üzv ölkələrin adına
ağac əkiləcək.
7
may tarixində isə konfrans iştirakçıları Monteneqronun turizm potensialı ilə
yaxından tanış olacaqlar.