Qırmızı Ürəklər Fondu müqəddəs Ramazan ayı münasibətilə
“Ramazan payı” ianə aksiyasına start verir. Aksiya çərçivəsində toplanan
ianələr hesabına ölkə üzrə aztəminatlı ailələrə könüllülər tərəfindən müxtəlif
ərzaq məhsullarından ibarət yardım bağlamaları
hazırlanacaq. Təşəbbüsün əsas məqsədi sosial həssas qruplardan olan
şəxslərə dəstək olmaq, Ramazan ayının paylaşma və həmrəylik dəyərlərini təşviq
etməkdir.
Aksiya 24 fevral – 20 mart 2026-cı il tarixlərini əhatə
edir. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət
edir. “Ramazan payı” aksiyasına ianə etmək üçün Birbank mobil tətbiqi
vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq
mümkündür.
Qeyd edək ki, Qırmızı Ürəklər Fondu fəaliyyət göstərdiyi 5
il müddətində bayram günlərində mütəmadi olaraq aztəminatlı ailələrə yönəlik
müxtəlif sosial dəstək aksiyaları həyata keçirir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital
Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə
başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik
mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji
tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas
və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün redhearts.az saytına
daxil ola bilərsiniz.