Xəbər verdiyimiz kimi, Gürcüstanın Marneuli rayonunda 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən bıçaqlanaraq həyatını itirib. Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 2004-cü il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş E.İ.-ni isti izlərlə saxlayıblar.
Manset.az Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 2 aprel tarixində Marneulidə əvvəllər baş vermiş mübahisə səbəbindən yaranan qarşıdurma zamanı 2005-ci il təvəllüdlü E.B.-yə soyuq silahdan istifadə edərək boyun nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yaralanan gənc aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılan kimi vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində E.İ.-ni cinayəti törətdikdən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıblar.
Araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.
Qeyd edək ki, Ümid Bayramov bir neçə gün əvvəl ailə həyatı qurub və hadisənin toy mərasimində baş verən mübahisə ilə bağlı olduğu ehtimal edilir.