Azərbaycanın sevilən xanəndəsi, Əməkdar artist, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” ansamblının rəhbəri Nuriyyə Hüseynova Krım Xəbər Agentliyinə müsahibə verib.
Manset.az xəbər verir ki, o, Ordubaddan Bakıya, oradan isə ABŞ, Fransa və digər ölkələrə uzanan sənət yolundan, türk dünyasının ortaq musiqi irsinə baxışından və muğam sənətinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Ordubad rayonunun Dırnıs kəndində böyüyən sənətçi ailəsində musiqinin xüsusi yer tutduğunu bildirib:“Evimizdə həmişə musiqi var idi. Anam Azərbaycan klassik əsərlərini ifa edərək hətta yemək bişirirdi. Babam isə tardan istifadə edirdi. Musiqiyə və muğama olan sevgim uşaqlıq illərimdən başlayıb.”
O, gənc yaşlarında qatıldığı bir festivalda birinci yer qazandığını, daha sonra Bakıya gələrək peşəkar sənət mühitinə daxil olduğunu və Azərbaycanın tanınmış sənətkarları ilə tanış olduğunu qeyd edib.
“Babam gecələr Türkiyənin Səsi radiosunu dinləyərdi”
Nuriyyə Hüseynova Türkiyənin onun uşaqlıq xatirələrində xüsusi yer tutduğunu bildirib:“Babam Sovet dövründə gecələr radioda ‘Türkiyənin Səsi’ verilişini dinləyərdi. Köhnə radio ilə dalğaları tutmağa çalışardı. Bəzən gecə saat iki-üçdə radionu açar, Türkiyənin səsini axtarardı. Türk klassik musiqisini, xalq mahnılarını dinləyərdi. Mən də onun yanında oturub qulaq asardım.”
Sənətçi babasının bu sevgisinin onun musiqi dünyagörüşünün formalaşmasına təsir etdiyini vurğulayıb:“Babam bəzən radionu dinləyərkən kövrələrdi. Mən uşaq idim, ondan niyə ağladığını soruşardım. O isə türk dünyasına böyük sevgi ilə bağlı idi. Məhz o illərdən türk musiqisinə marağım yarandı.”
Nuriyyə Hüseynova konservatoriya təhsilindən sonra həm təhsilini, həm də yaradıcılığını paralel davam etdirdiyini bildirib. O, Sovet İttifaqının dağılması və Qarabağ müharibəsi dövründə mədəni sahədə yaranan boşluqlardan da danışıb.
Sənətçi həmin dövrdə muğam tədrisinə başladığını, daha sonra qədim musiqi alətləri ansamblında solist kimi fəaliyyət göstərdiyini qeyd edib. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklor ansamblına rəhbər təyin olunduğunu, daha sonra ansamblın “Dədə Qorqud” adını aldığını bildirib.
Nuriyyə Hüseynova UNESCO və TÜRKSOY-un dəstəyi ilə bir çox ölkədə konsert proqramları ilə çıxış etdiyini bildirib. O, muğamın artıq beynəlxalq miqyasda tanındığını vurğulayıb:“ABŞ, Fransa, Almaniya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tatarıstanda çıxış etmişəm. Hər səfərdə muğamın universal bir dil olduğunu bir daha gördüm.”
Sənətçi Krım-tatar musiqisinin də türk dünyasının ayrılmaz hissəsi olduğunu qeyd edib və müxtəlif türk xalqlarının musiqisini ortaq mədəni irs kimi dəyərləndirib:“Azərbaycan, Krım, Kərkük, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Uyğurlar və tatarların musiqisi ortaq mədəni irsdir. Türk xalqları böyük bir ailədir. Mədəniyyət insanları birləşdirir və biz bu bağı gücləndirməliyik.
O, son illərdə Azərbaycanda türk dünyasının ortaq musiqi irsinə yönəlmiş layihələrin artdığını da diqqətə çatdırıb.
Nuriyyə Hüseynova gənc xanəndələrə səslənərək bildirib ki, sənət yalnız texnika deyil, həm də xarakter məsələsidir:
“Sənətçi öz millətini, mədəniyyətini və bayrağını sevən insandır. Belə insanlar ümumbəşəri dəyərlərə də hörmətlə yanaşırlar. Əsl sənətkar həm öz irsinə bağlı olmalı, həm də dünyaya açıq olmalıdır.”