Çin və Cənubi Koreya arasında dialoq oldu

19:47 - 18 İyun 2024

Çin və Cənubi Koreya arasında dialoq oldu

Çin və Cənubi Koreyanın xarici siyasət və müdafiə qurumlarının səlahiyyətli şəxslərinin 2+2 formatında Seulda görüşü olub.

 

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, nümayəndə heyətlərinə Cənubi Koreya tərəfdən xarici işlər nazirinin müavini Kim Honq-kyun, Çin tərəfdən isə həmkarı Sun Veydon rəhbərlik edib. Cənubi Koreya Müdafiə Nazirliyinin beynəlxalq siyasət departamentinin baş direktoru Li Sunq-bom və Çin Mərkəzi Hərbi Şurasının beynəlxalq hərbi əməkdaşlıq ofisinin direktor müavini Can Baoçunun da iştirak etdiyi görüş iki ölkənin münasibətlərini sabitləşdirmək cəhdləri çərçivəsində baş tutub.

Cənubi Koreya XİN-in görüşdən əvvəlki açıqlamasında deyilir ki, 2+2 formatındakı görüşdə ikitərəfli münasibətlər, Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Diqqətçəkən məqam odur ki, Seul-Pekin təhlükəsizlik və diplomatiya dialoqu Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri ilə eyni vaxta təsadüf edir.

“Bu formatda dialoqun aparılması Pxenyanın Pekin və Moskva ilə üçtərəfli blok yaratmaq cəhdlərini Çinin dəstəkləməyəcəyinə dair Şimali Koreyaya mesajdır”- deyə Hankuk Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Kanq Cun-younq bildirib.

Şərhçilər hesab edir ki, Seul 2+2 formatındakı dialoqla Çini Şimali Koreya məsələsində daha konstruktiv rol oynamağa çağırır.

Qeyd edək ki, 2+2 formatındakı dialoqun təşkili barədə razılıq Cənubi Koreya Prezidenti Yun Sok Yolun Çinin Baş naziri Li Çian ilə mayda keçirilmiş görüşündə əldə olunub.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin