Ceyhun Bayramovun müavini İsraildə görüşlər keçirdi - FOTOLAR

20:36 - 25 May 2023

Ceyhun Bayramovun müavini İsraildə görüşlər keçirdi - FOTOLAR

21-25 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İsrail Dövlətinə işgüzar səfər edib.

 

Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər nazirinin müavini Fariz Rzayev səfər çərçivəsində İsraildə hər il təşkil edilən “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüb.

“Herzliya” Konfransında “Azərbaycan-İsrail Strateji Əlaqələri” mövzusunda çıxış edən nazir müavini F.Rzayev Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində, nazir müavini Fariz Rzayev həmçinin İsrail Dövləti Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. Görüşlər zamanı nazir müavini Fariz Rzayev tərəf müqabillərini post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.

Səfər zamanı nazir müavini Fariz Rzayev o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.

İsrail Dövlətinə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və çıxış edib.



Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin