Bakı şəhərində çoxsaylı qəzalı binanın sökülməsi planlaşdırılır. Bununla yanaşı, müxtəlif tikinti şirkətləri tərəfindən, yaşayış yerləri vətəndaşlardan fərqli şərtlərlə alınıb sökülərək yerində yeni binaların inşası həyata keçirilir. Bu prosesin əsas məqsədi, şəhərsalma işlərinin təkmilləşdirilməsi və mövcud binaların keyfiyyətinin artırılmasıdır. Amma kiçik ölçülü evlərin sakinləri bu məsələyə dair narazılıqlarını bildirirlər. Onlar, verilən kompensasiyanın ev almağa kifayət etmədiyini qeyd edirlər.
Bəs bu zaman, yəni binanın sökülməsi və yerində yeni tikilinin inşa edilməsi zamanı, sakinlərə ödənilməli olan kompensasiyanın məbləği necə müəyyən olunur? Bu kimi hallar baş verdikdə, problemlər necə həllini tapmalıdır?
Mövzu ilə bağlı Manset.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, mövcud qaydalara əsasən, əgər şəxsin yaşayış sahəsi — məsələn, 20–30 kvadratmetrdirsə, ona uyğun yeni yaşayış sahəsi təqdim olunmalı və ya həmin ərazidə adekvat mənzil ala biləcəyi həcmdə kompensasiya verilməlidir.
"Biz, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, bu problemin həlli üçün təkliflərlə çıxış etmişik.
Təklifimiz ondan ibarətdir ki, vətəndaşla sahibkar arasında yaranan kompensasiya ilə bağlı fikir ayrılıqları müstəqil qiymətləndiricilər tərəfindən – yəni, arbitr rolunda çıxış edən mütəxəssislər vasitəsilə həll olunsun. Çünki nə vətəndaşın, nə sahibkarın, nə də bəzi hallarda dövlət qurumlarının bu qiymətləri obyektiv müəyyən etmək imkanları olmur. Yeni qəbul olunmuş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun (08 dekabr 2023) bu sahəni tənzimləyir və dəyişikliklər digər qanunvericilik aktlarına da tətbiq olunur".
Vüqar Oruc qeyd edib ki, ədalətli kompensasiya üçün qiymətləndirici ərazini təhlil edib bazar dəyərini müəyyən etməlidir".
"Əgər vətəndaşın 20 kvadratlıq mənzili varsa, ona elə bir məbləğ ödənilməlidir ki, həmin şəxs həmin və ya yaxın ərazidə yaşayış şəraitinə uyğun yeni mənzil ala bilsin. Məsələn, 20 kvadrat metrlik mənzilə görə 3000–3500 manat kompensasiya ödənilməsi vətəndaşa uyğun ev tapmaq imkanı vermir.
Eyni zamanda, qiymətləndirmə zamanı hansı normativlərin əsas götürüləcəyi qanunvericilikdə açıq şəkildə müəyyən olunmalıdır. Bu, həm sahibkarın daha az ödəmək istəyi, həm də vətəndaşın real dəyərdən artıq kompensasiya tələbi arasında balans yaradacaq.
Vətəndaş da başa düşməlidir ki, bəzi hallarda dövlət layihələri şəhərin simasının qorunması və modernləşdirilməsi məqsədini daşıyır. Əgər ona ədalətli şəkildə eyni yaşayış imkanları təqdim olunursa və ya uyğun kompensasiya verilirsə, problem yaşanmaz. Əsas məqsəd – vətəndaşın mülkiyyət hüququ pozulmadan, dövlət və ictimai maraqlarla balanslaşdırılmış ədalətli həll yolunun tapılmasıdır".
Seyranə Quliyeva