Qardaş Türkiyədə bir sutkada iki güclü zəlzələ baş verib. Bunlardan biri 6,1, digəri isə 4,6 maqnitudada olub. Zəlzələnin Azərbaycana yaxın ərazidə baş verməsi ölkədə də zəlzələ baş verməsi fikrini gündəmə gətirib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Manset.az-a açıqlamasında bildirib ki, məhz bu gecə Azərbaycanda 17-dən çox təkan qeydə alınıb.

“Azərbaycanda da hər gün zəlzələ baş verir. Xüsusi cihazlar tərəfindən xırda təkanlar da qeydə alınır. Lakin bunlardan bəziləri hiss olunur, bəziləri isə yox. Türkiyədə isə neçə aylardır artıq proses davam edir. Hələ yenə də bu proses davam edəcək. Çünki güclü zəlzələ zamanı qırılma boyu parçalanmalar gedir. Hər qırılma boyu parçalanmalar gedir, laylar qanadlar kimi ayrılır. Bu səbəbdən də dinamik proseslər davam edir. Lakin Türkiyədə 6,1 gücündə olan ən güclü zəlzələ belə Azərbaycana təsir edə bilməz. Amma bu güclü zəlzələdir və avtoşoklar Türkiyədə hələ davam edəcək. Düşünmürəm ki, Türkiyədə bu gün baş verənlərdən daha güclü zəlzələ baş versin. Çünki maqnitudası 5-6 olan zəlzələ baş verdikdə güclü enerji ayrılması baş verir. Gərək müəyyən bir müddət keçsin ki, orada yenidən həmin enerji əmələ gəlsin və yenidən güclü zəlzələ ehtimalı olsun”.
Ekspert qeyd edib ki, bir çoxları Azərbaycana qonşu ölkələrdə güclü zəlzələr baş verdikdə təşvişə düşür və Azərbaycanı da eyni aqibətin gözlədiyini düşünürlər. Lakin bu məsələ ərazinin yaxın olması ilə deyil, daha çox seysmogen zonalarla əlaqəlidir.
“Bu gün Türkiyədə baş verən güclü zəlzələlərin Azərbaycana heç bir aidiyyatı yoxdur və ola da bilməz. Çünki təmamilə fərqi seysmogen bölgələrdə yerləşirlər. Eyni zamanda tektonik quruluş cəhətdən də ayrı-ayrı dərinlik qırılmalarından əlaqəsi olmayan zonalardır. Bu səbəbdən də hazırda Azərbaycanda əhalinin narahat olmasına səbəb yoxdur”.
Fidan Vəlisoy