Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində hüquqşünas kimi çalışan Aynur Muradovanın həmin universitetin prorektoru Şaiq Əsgərov ilə bağlı şikayətinin görüntüləri yayılıb. Aynur Muradova iddia edir ki, prorektor saxta iclas keçirərək işçilərin də razılığı ilə onu işdən çıxarmaq istəyir.
Manset.az-ın əldə etdiyi məlumata görə, şikayətçi bildirib ki, prorektor işdən çıxarılmasına kollektivin onunla işləmək istəməməsini səbəb kimi göstərib.
Aynur Muradova kollecdə korrupsiya hallarını ictimailəşdirdiyinə görə rəhbərliyin təzyiqlərinə məruz qaldığını qeyd edib. Onun sözlərinə görə, kollecin direktoru Sevinc Həmzəyeva onu kollektivdə hədəfə çevirərək, işçilərdən təcrid edərək işdən çıxarmağa çalışır.
İddia ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinə sorğu ünvanladıq. Universitetin Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq komissiya yaradılıb və araşdırılır.
Fidan Vəlisoy